ELM VƏ TƏHSİL
Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr olunan kitab çapdan çıxıb
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Məhəmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusu işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtibatı, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun rəyi ilə oxucuların mühakiməsinə verilən sayca on birinci məqalələr toplusu görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilib.
Kitabda Azərbaycan folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük xidmətləri olan Məhəmmədhüseyn Təhmasibin həyat və çoxcəhətli ədəbi fəaliyyəti, zəngin yaradıcılığı və ədəbiyyat tariximizdə əvəzsiz xidmətlərindən bəhs edən 18 fundamental araşdırma yer alıb.
Yeni nəşrdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Professor Məhəmmədhüseyn Təhmasib - folklor nəzəriyyəçisi”, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Təhmasiblər və Məhəmmədhüseyn Təhmasib”, Əbülfəz Quliyevin “Professor Məhəmmədhüseyn Təhmasibin həyat və yaradıcılığının ümumi mənzərəsi”, professor Məhərrəm Qasımlının “Folklor karvanımızın müdrik sarvanı”, professor Yusif Səfərovun “Dastanlarımızın ustad tədqiqatçısı”, Əməkdar Elm Xadimi Hüseyn Həşimlinin “Məhəmmədhüseyn Təhmasib bədii yaradıcılığa nə vaxt başlamışdır?” məqalələri, eləcə də digər tədqiqatçıların yazıları öz əksini tapıb.