İQTİSADİYYAT
Məhəmmədi qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə yeni layihənin icrasına başlanılmışdır
Bakı, 25 yanvar (AZƏRTAC). Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.
“Azərsu” ASC-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron rayonu Məhəmmədi qəsəbəsinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə yeni layihənin icrasına başlanılmışdır. Məhəmmədi qəsəbəsini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün qəsəbədə hər birinin tutumu 2 min 500 kubmetr olan iki su anbarı tikilir. Layihəyə əsasən, anbarlardan qəsəbəyə özüaxımlı rejimdə olmaqla, saniyədə 32 litr su ötürüləcəkdir.
Anbarların inşası ilə yanaşı, qəsəbədə 3 min 300 metr uzunluğunda magistral və 66 min 500 metr uzunluğunda şəbəkədaxili su xətləri çəkiləcəkdir. Kanalizasiya sistemini yenidən qurmaq məqsədi ilə 66 min 500 metr uzunluğunda kanalizasiya xətti çəkilərək yeni tikiləcək kollektora birləşdiriləcəkdir.
Şəbəkənin yenidən qurulmasına 2012-ci ilin birinci rübündə başlanılacaq və 2013-cü ildən etibarən Məhəmmədi qəsəbəsi fasiləsiz və keyfiyyətli içməli su təchizatı ilə təmin olunacaqdır.