CƏMİYYƏT
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib YENİLƏNİB VİDEO
Məhv edilən narkotik vasitələrin qara bazar qiyməti 116 milyon 815 min AZN təşkil edir
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Bakı şəhərinin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin inzibati ərazisində 1 741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram 169,392 qram və 62 700 ədəd həb (1 ton 527 kiloqram 101,231 qram heroin, 1 ton 372 kiloqram 34,257 qram marixuana, 172 kiloqram 565,992 qram tiryək, 93 kiloqram 610,043 qram həşiş, 145,697 qram kokain və 60 596 ədəd həb metadon, 372 kiloqram 265,438 qram və 2 104 ədəd psixotrop maddə), müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və 58 860 çətənə bitkisi, həmçinin 3 877 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddələr aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
AZƏRTAC xəbər verir ki, məhv edilən narkotik vasitələrin qara bazarda qiyməti 116 milyon 815 min manat təşkil edir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu bu ilin 3 ayı ərzində müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüb. Həmçinin bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə, Ədliyyə Nazirliyinin Penitensiar xidməti, Azərbaycan Respublikasının Gənclər Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında ayrı-ayrılıqda Tədbirlər planları imzalanıb və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir.
Bu ilin yanvar-mart aylarında “802” qaynar xətt telefon zəng xidmətinə 126 vətəndaş müraciəti daxil olub. Onların 41-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 44-ü narkotik asılılıqdan müalicə, 41-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 85 məktub ünvanlanıb.
Eyni zamanda, “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair qrafik üsulu ilə hazırlanmış yeni videoçarxın, narkomanlığın zərəri barədə “Narkotik beyində silinməz izlər buraxır”, “Narkotik sərhədsiz fəlakətdir” adlı və sair sosial çarxların paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişi və eyni zamanda, televiziya kanallarında yayımlanması təmin edilib.
Bundan əlavə, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının işçi qrupu üzərində xüsusi şüarlar əks olunan yeni forma və dizaynda sosial lövhələr hazırlayıb.
2024-cü ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları 2 909 fakt aşkar ediblər. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 787 kiloqram 303,666 qram müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr müsadirə olunub. Həmçinin göstərilən dövrdə 690 metadon və 135 çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Müsadirə olunanların 271 kiloqram 179,209 qramını heroin, 1 ton 351 kiloqram 80,549 qramını marixuana, 53 kiloqram 146,627 qramını tiryək, 23 kiloqram 560,45 qramını həşiş, 80 kiloqram 107,451 qramını psixotrop maddələr, 8 kiloqram 229,38 qramını digər narkotik vasitələr təşkil edib.
Cinayət məsuliyyətinə cəlb edilmiş 1 615 nəfərdən 22-si xarici ölkə vətəndaşıdır.
Ötən il qəbul olunmuş yeni statistik hesabat formasına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən, 2023-cü il dekabrın 31-də respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 36 659 nəfər təşkil edib. Onlardan 20 246 nəfəri opioidlərin, 7 955 nəfəri kannabioidlərin, 8 458 nəfəri isə eyni zamanda, bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir. Həmin şəxslərdən 802-i qadındır. 2023-cü ildə dispanser nəzarətinə müvafiq diaqnozla 3 796 nəfər götürülüb, 2 153 nəfər isə nəzarətdən çıxarılıb.