MƏDƏNİYYƏT
“Mehmanxana sahibəsi” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrında
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir tamaşanın məşq prosesinə start veriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən italiyalı dramaturq Karlo Qaldoninin “Mehmanxana sahibəsi” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verəcək. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.
Yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.
Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerdən qisasından bəhs edir.