ELM VƏ TƏHSİL
MEK-in direktoru: Həyatımıza daxil olan müxtəlif elektron cihazlar gənclərimizi kitablardan uzaqlaşdırır
Bakı, 12 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) pulsuz məcburi nüsxə olaraq 994 kitab, 553 jurnal verilib. Bu müddətdə kitabxanaya 1118 kitab, 1522 jurnal, 4 kolleksiya, 22 satınalma, 64 dissertasiya, 344 avtoreferat, 154 elektron resurs hədiyyə edilib. Beynəlxalq kitab mübadiləsi çərçivəsində isə MEK-ə 388 sənəd daxil olub.
Bu barədə MEK-in kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova məlumat verib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, A.Səfərova altı ayda kitabxanaya daxil olan sənədləri təqdim edib. O, sənədlərin təqdimedilmə qaydası, təqdim olunan elektron resurslarda müəllif hüquqlarının tənzimlənməsi və sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsini, habelə sərgi salonunda sərgilənməsi və mek.az saytında işıqlandırılaraq ənənəvi və elektron kataloqa daxil edilməsini göstərən mərhələli iş mexanizmindən danışıb.
MEK-in direktoru Leyla İmanova deyib: “Müasir dövrdə həyatımıza daxil olan kompüterlər, müxtəlif elektron cihazlar gənclərimizi kitablardan uzaqlaşdırır. Gənclər kitabları daha çox elektron versiyada oxuyurlar. Bunu nəzərə alaraq, yazıçılarımız, alimlərimiz qalın kitabları yazanda yığcam bir nəticə, audio şərh ilə də təmin etsinlər ki, gənclər kitab haqqında daha tez, daha canlı informasiya əldə edərək kitabın özünə daxil olmağa, oradakı faktları araşdırmağa can atsınlar. MEK-ə daxil olan nəşrlərin statistikasında birinci yerdə hədiyyə olunan kitablar və məcburi nüsxələr durur. Kitabxananın kollektivi bu mexanizmi elə peşəkar səviyyədə qurub ki, kitabların alınmasına çox vəsait sərf etmədən onların sayını artırırıq. Əvəzində elektron resurslara abunə oluruq, sifarişlər əsasında seçilmiş kitabları alıb gətiririk. MEK-in biblioqrafik sorğular bölməsinin elektron kitabları göstərən 12 cilddən ibarət “Biblioqrafik sorğular” kitabı bu il kitabxanamızda ərsəyə gətirilərək fondlara daxil edilib”.
Bildirilib ki, iyunda MEK-ə Yaponiya, Belarus, Ukrayna, ABŞ, Almaniya, Çexiya, Çin, Türkiyə, Rumıniya, Rusiya, Böyük Britaniya, Şotlandiya, Polşa, Fransa, Macarıstan, Norveç və digər ölkələrdən müxtəlif elmi sənədlər daxil olub. Həmçinin ölkə xaricinə AMEA-nın nəşrləri, azərbaycanlı alimlərin əsərləri göndərilib.