MƏDƏNİYYƏT
Meksikada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında çıxış etmiş Azərbaycanın rəqs qrupu böyük rəğbətlə qarşılanmışdır
Bakı, 28 oktyabr (AZƏRTAC). Meksikanın Akapulko şəhərində V “La Nao” Beynəlxalq Mədəniyyət Festivalı keçirilir.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, diplomatik nümayəndəliyimizin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Meksikada qastrol səfərində olan dörd nəfərdən ibarət rəqs qrupu (rəqqaslar C.Qubadov, T.Əliyev, Z.Hüseynquliyeva, A.Kamilova) festivalda konsert proqramı ilə çıxış etmişdir.
Festival çərçivəsində oktyabrın 25-də Akapulkodakı Beynəlxalq Siyasi Elmlər İnstitutunun binasında müasir Azərbaycanın inkişafı və Akapulkodan da keçən İpək Yolunun tarixində Azərbaycanın rolundan bəhs edən “İpək Yolu” mövzusunda elmi konfrans keçirilmişdir.
Səfir İ.Muxtarov konfransda geniş təqdimatla çıxış etmişdir. Diplomat Azərbaycanın tarixi, dövlətçilik ənənələri və XX əsrin əvvəllərində demokratik institutların inkişafı, Şərqdə ilk parlament respublikası olmuş Azərbaycan Demokratik Respublikasının 23 aylıq mövcudluğu, habelə Azərbaycanın Sovet İttifaqı tərkibinə qatılması və SSRİ daxilində əhəmiyyətli rolunun tarixindən danışmışdır.
Səfir Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və münaqişənin ağır nəticələri barədə də ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.
Həmin gün Azərbaycanı təmsil edən rəqs qrupu Akapulko şəhərinin mərkəzində yerləşən, ekoloji qoruq ərazisi olan “Ignacio Manuel Altamirano Parkı”nda konsert proqramı ilə çıxış etmişdir. Onların çıxışı böyük rəğbətlə qarşılanmışdır.