DÜNYA
Meksikada partlayış 20-dən çox insanın həyatına son qoyub
Bakı, 7 iyul, AZƏRTAC
Meksikanın Tultepek bələdiyyəsində pirotexnika vasitələrinin partlayışı zamanı 54 nəfər yaralanıb. Onlardan 23-nün vəziyyəti ağırdır. Bu barədə Mexiko ştatının Səhiyyə Nazirliyi məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Tultepekdə pirotexnika emalatxanasında və anbarında baş vermiş partlayış nəticəsində 24 nəfər ölüb. Onların sırasında yanğınsöndürən xidmətin əməkdaşları və polislər də var. Hazırda xəstəxanada 41 yaralı var. Mexiko ştatının prokurorluğu faciə qurbanlarından 23-nün şəxsiyyətinin müəyyənləşdirilərək qohumlarına verildiyini bildirir. Bir nəfərin kimliyi hələlik müəyyən edilə bilməyib.
Pirotexnika partlayışlarının ölümlə nəticələnməsi Meksikada çox olur. Məsələn, 2016-cı ildə yarmarkada pirotexnika partlayışından 40 nəfər ölüb. Mexiko ştatının mülki müdafiə qüvvələrinin əlaqələndiricisi Arturo Vilços qanunvericiləri pirotexnika haqqında qanuna baxılmasını sürətləndirməyə çağırıb. Onun sözlərinə görə, bu, məhsulları qanuniləşdirməyə, istehsalçılar arasında qaydalar yaratmağa kömək edəcək.