REGİONLAR
Məktəb direktoru: Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin yeni binası Prezidentimizin bizə hədiyyəsidir VİDEO
Şəmkir, 8 avqust, Elcan Məmmədov, AZƏRTAC
1958-ci ildə tikilən, Şəmkir şəhərinin mərkəzində yerləşən Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin köhnə binasının müasir tələblərə cavab verməməsi yeni binanın tikintisinə zərurət yaratmışdı. Bununla əlaqədar Azərbaycan Prezidentinin “Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli Sərəncamının icrası çərçivəsində məktəbin binası yenidən inşa olunub. Prezident İlham Əliyev avqustun 7-də Şəmkirə səfəri zamanı həmin məktəb-liseyin yeni binasının açılışında iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin yeni binasının ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunaraq burada çalışan müəllimlərin və rayon əhalisinin istifadəsinə verilməsi onları sevindirib.
Məktəbin direktoru Bayram Əmiraslanov məktəb-liseyin köhnə binasının müasir tələblərə cavab verməməsi, 600 şagird yerlik məktəbdə 1500 şagirdin təhsil alması və binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar yeni binanın tikintisinə zərurət yarandığını bildirərək deyib: “Hesab edirik ki, məktəbimizin yeni binası “Heydər Əliyev İli” çərçivəsində cənab Prezidentin bizə hədiyyəsidir. Rayon əhalisi və kollektivimiz adından Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Nəzərinizə çatdırım ki, eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir təhsil ocağı 65 sinif otağından ibarətdir”.
Həmçinin binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yerləşir. Məktəbin, həmçinin açıq idman meydançası var. Məktəb-liseyin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq işləri görülüb.
“İlk peşə fəaliyyətimə bu məktəbdən başlamışam. Məktəbimizin köhnə binasının vəziyyəti məni və kollektivimizi narahat edirdi. Ancaq bu gün yeni binada yaradılan şərait, müasir dərs otaqları və laboratoriyaları görəndə heyran qalıram. Prezident İlham Əliyevə minnətdaram ki, qısa müddət ərzində bizim xəyalımızda olandan da qat-qat yaxşı məktəb binasını bizim istifadəmizdə verdi”, - deyə məktəbin tarix müəllimi Elnarə Quliyeva bildirib.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchiz olunması gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.