ELM VƏ TƏHSİL
Məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş mərasim keçirilmiş, şəhidlərin xatirəsi anılmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). Bakı şəhəri Xətai rayonu M. Nəcəfov adına 86 nömrəli orta məktəbdə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş mərasim keçirilmiş, şəhidlərin əziz xatirəsi anılmışdır.
“Yaşıl Qələm” Təhsil Şəbəkəsindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə çıxış edən məktəbin direktoru Almaz Əzizova 20 Yanvar faciəsindən, hadisənin dəhşətlərindən danışmışdır. O qeyd etmişdir ki, 20 Yanvar tariximizin qanlı, eyni zamanda, qəhrəmanlıq səhifəsidir. 20 Yanvarda imperiya ordusu xalqımızın azadlıq yolunda mübarizədə əzmini, iradəsini qıra bilməmişdir.
Direktor şəhidlərin əziz xatirəsinin əbədi yaşayacağını vurğulamışdır.
Məktəbin direktor müavini Ofeliya Pirverdiyeva və digər çıxış edənlər də 20 Yanvarın xalqımızın müstəqillik uğrunda mübarizəsindəki yerindən, rolundan, həmin günün qeyd olunmasının əhəmiyyətindən bəhs etmişlər.
Sonra 20 Yanvar faciəsinə həsr olunmuş məruzələr dinlənilmişdir.
Məktəblilər mövzu ilə bağlı şeirlər söyləmişlər.