MƏDƏNİYYƏT
Məktəbdə “Həyatla oyun” tamaşası nümayiş etdirilmişdir
Bakı, 9 dekabr (AZƏRTAC). Dekabrın birinci ongünlüyündə Bakı Uşaq Teatrı narkomaniya və QİÇS-ə qarşı mübarizəyə həsr olunmuş silsilə maarifləndirici tədbirlər keçirmişdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə Bakıdakı 53 nömrəli tam orta məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı “Həyatla oyun” tamaşası nümayiş etdirilmişdir.
Bu, rejissoru İntiqam Soltan olan tamaşanın artıq 150-ci yubiley nümayişidir.
Real həyatdan götürülmüş hadisələr əsasən bir qrup tələbə arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadə etməyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr QİÇS-dən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın bu xəstəliyə yoluxduğu məlum olur.
Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yanlış münasibəti isə Dumanın pis yola düşməsinə təhrik edir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir.
Bütünlükdə 1 saat 15 dəqiqədən ibarət tamaşa yeniyetmələrin bu bəladan qorunması və yayınması üçün bir təbliğat vasitəsi kimi istifadə olunur.