ELM VƏ TƏHSİL
Məktəbdənkənar təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevə həsr olunan silsilə tədbirlər keçirilib
Bakı, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Ulu Öndərin ildönümünə həsr olunan uşaq-gənclər idman məktəblərinin yetirmələri arasında badminton idman növü üzrə respublika birinciliyi və minifutbol turniri təşkil edilib.
Ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalı keçirilib. Beş gün davam edən bu festivalda ümumilikdə 43 rayon və şəhər üzrə ümumtəhsil məktəblərindən 225 şagird iştirak edib.
Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ulu öndər - xilaskarımız”, “Qəlblərdə yaşayan sərkərdə”, “Sən elə bir zirvəsən”, “Xalqın xilaskarı” adlı ədəbi-bədii kompozisiyalar, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ulu bir sərkərdə” mövzusunda rəsm əsərlərindən ibarət virtual sərgi, açıq dərslər, dəyirmi masalar, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Heydər Əliyev - Tarixi Zəfər qazanmış Müstəqil Azərbaycan” mövzusunda konfrans, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən dərnək üzvləri arasında intellektual oyun keçirilib.
Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkil etdiyi “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə isə 3 minə yaxın tələbə qatılıb.
Tədbirlərdə Ümummilli Liderin Azərbaycan tarixindəki rolu, şərəfli ömür yolunu ölkəmizin tərəqqisi və millətimizin parlaq gələcəyinə həsr etməsi, respublikamızda təhsilin, elmin, mədəniyyətin, səhiyyənin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri, uşaqlara, gənclərə göstərdiyi diqqət və qayğı, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmaqla dünya ölkələri sırasında mövqeyinin hərtərəfli möhkəmləndirilməsindən bəhs olunub. Dərnək üzvlərinin ifasında Ümummilli Liderə həsr edilən şeir və mahnılar səsləndirilib, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş edilib.
Məktəblilər Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyulub.
Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev irsini təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarət olub.