ELM VƏ TƏHSİL
Məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayır
Bir sıra məktəblərdə məktəbəqədər hazırlıq qrupları açılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il oktyabrın 15-dən 2015-ci il mayın 25-dək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədris prosesinə hazırlığına kömək etmək, onlara müəyyən biliklər verməkdir.
2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla fəaliyyət göstərəcəklər.
Hazırlıq qrupları 89 məktəbdə təşkil olunacaq.
Sonda hazırlıq qrupunu bitirən uşaqlara rəsmi sənəd - arayış veriləcək.
Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında daxil ola bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər.
Qruplar təşkil olunduğu halda, onlar 2015-ci il yanvarın 10-dan iyunun sonunadək fəaliyyət göstərəcəklər.