ELM VƏ TƏHSİL
Məktəblərdə fövqəladə hallarla bağlı maarifləndirmə işi aparılır
Bakı, 7 fevral, AZƏRTAC
Ümumi təhsil müəssisələrində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri təşkil olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təlimlərin keçirilməsinin məqsədi uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirməkdir.
Tədbirlər BŞTİ və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirlərdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 “Qaynar xətt” xidməti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilir, müvafiq videoçarxlar nümayiş olunur.
Maarifləndirmə tədbirlərində məktəblilərə fövqəladə hallar zamanı (zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal qəzalar və s.) müvafiq qurumların həyata keçirdiyi təcili əməliyyatlar haqqında geniş məlumat verilir, suallar cavablandırılır.