ELM VƏ TƏHSİL
MƏKTƏBLƏRDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ VƏZİYYƏTİNİN TƏKRAR MONİTORİNQİ APARILMIŞDIR
Təhsil Nazirliyində məktəblərdə aparılmış informasiya texnologiyalarının tətbiqi vəziyyətinin təkrar monitorinqinin yekunları ilə bağlı iclas keçirilmişdir. Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, iclasda təhsil naziri Misir Mərdanov müvafiq Dövlət Proqramı çərçivəsində ötən il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun bir sıra ümumtəhsil məktəblərinin İKT ilə təmin olunması, onların quraşdırılması və tədris prosesində istifadəsi vəziyyətinin öyrənilməsi məqsədilə aparılan monitorinqin nəticələrini açıqlamışdır. Monitorinq Bakı şəhərində 304, Sumqayıtda 47, Abşeron rayonunda 5, ümumilikdə isə 356 məktəbdə keçirilmişdir.
Nazir aparılmış monitorinqin nəticələrinin ötən ilin dekabrında kollegiya iclasında müzakirə olunduğunu, 85 məktəbdə tədris prosesində İKT-nin tətbiqi sahəsində ciddi problemlər aşkarlandığını, eyni zamanda, həmin təhsil müəssisələrində təkrar monitorinqin keçirilməsi barədə qərar qəbul edildiyini diqqətə çatdırmışdır.
Bu ilin yanvarında məktəblərdə təkrar monitorinq aparıldığını qeyd edən M.Mərdanov ciddi nöqsanlar aşkarlanan 85 məktəbdən 56-da problemlərin həll edildiyini bildirmişdir.
Nazir bu günlərdə keçirilmiş ikinci sınaq imtahanının təşkilindən ümumən razı qaldığını bildirməklə yanaşı, bu sahədə bəzi məktəblərdə mənfi hallara yol verildiyini də bildirmişdir.
İclasda ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələri nəzərə alınaraq qərar qəbul olunmuşdur.