REGİONLAR
Məktəbli Elvin İsgəndərov: Əminəm ki, tur-aksiyadan zəngin təəssüratla qayıdacağam
Zərdab, 14 noyabr, AZƏRTAC
Qəbələ, Şəki və Zaqatala Azərbaycanımızın gözəl guşələrindəndir. Çox sevinirəm ki, ilk dəfə olaraq bu dilbər guşəyə gedirəm. Əminəm ki, bu tur-aksiyadan zəngin təəssüratla qayıdacağam.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələyə yola düşən Zərdab rayonunun Əlibəyli kənd tam orta məktəbin X sinif şagirdi Elvin İsgəndərov söyləyib.
O deyib: “Qəbələ, Şəki və Zaqatalanın görməli yerləri ilə tanış olmaq, hərtərəfli məlumat almaq mənim, eləcə də yoldaşlarım üçün gözəl fürsətdir. Səfər zamanı o yerlərin nəinki bu günü barədə, tarixi keçmişi haqqında da məlumatlar əldə edəcəyik. Azərbaycanımızın zəngin tarixi var. Bu tarix səfər etdiyimiz bölgənin abidələrində, maddi-mədəniyyət nümunələrində yaşayır. Səfər zamanı ölkəmizin tarixini daha dərindən öyrənəcək və təəssüratlarımı qayıtdıqdan sonra dostlarıma da danışacağam”.