Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur
Bakı, 26 oktyabr, AZƏRTAC
Paytaxt məktəbliləri “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunur.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, əsas məqsəd şagirdlərə məktəbdə əldə etdikləri biliklərin təcrübədə tətbiqi yollarını öyrətmək, gündəlik həyatda necə istifadə olunduğunu göstərmək və təbiət hadisələrini təcrübələr vasitəsilə əyani şəkildə nümayiş etdirməkdən ibarətdir.
“Bilim Bakı” mərkəzində təlimlər Sahibkarlıq, Astronomiya, kosmos və aviasiya, Riyaziyyat, Dizayn, Təbiət elmləri və Texnologiya laboratoriyalarında keçirilir. Təlimlərdə mövzuların hər biri uşaqların yaş qruplarına, dünyagörüşünə və məktəb proqramına uyğun olaraq formalaşdırılır.
Qeyd olunub ki, ümumi təhsil məktəblərinin 6-14 yaşarası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnologiyaya marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.