REGİONLAR
Məktəblilər tütün və alkoqolun zərəri barədə məlumatlandırılıblar
Şəmkir, 2 dekabr, Famil Quliyev, AZƏRTAC
Şəmkirin Zəyəm qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdə Şəmkir Gənc Həkimlər Birliyinin təşkilatçılığı ilə “Tütün və alkoqolun insan orqanizminə mənfi təsirləri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə alkoqolun və tütünün insan orqanizminə vurduğu zərərdən danışılıb. Bildirilib ki, tütünün tüstüsündə sağlamlığa zərərli 400-dək müxtəlif maddə var. Hamıya məlum olan nikotindən başqa, tütünün tərkibinə ammonyak, hidrogen-sulfid, sianid turşusu, karbon qazı və bir çox başqa zəhərli maddələr daxildir. Orqanizm siqaret tüstüsü ilə nə qədər erkən qarşılaşırsa, bir o qədər çox fəsadlar törənir.
Gənc Həkimlər Birliyinin üzvləri alkoqol və tütünün ürək-damar sisteminə də mənfi təsir göstərməsi ilə bağlı məktəbliləri məlumatlandırıblar.
Sonda məktəblilərin sualları cavablandırılıb.