ELM VƏ TƏHSİL
Məktəblilərdən çağırış: Ana dilimiz milli sərvətimizdir
Bakı, 21 fevral, AZƏRTAC
Beynəlxalq Ana Dili Günü münasibətilə Bakıdakı 279 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdən öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir qrup tələbəsinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan dərslər keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Tədbirdə məktəbin direktoru Südabə Abdullayeva, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, ADPU-nun prorektoru Mahirə Nağıqızı çıxış ediblər.
Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışılıb. Hər bir xalqın ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğu qeyd olunub. Bildirilib ki, tarix boyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi, ilk növbədə ana dilində öz əksini tapıb. Dilimizin qorunması və ən dəyərli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Vurğulanıb ki, doğma dilimizin dövlət dili statusu qazanmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub.
“Ana dilimiz milli sərvətimizdir” çağırışını səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.