CƏMİYYƏT
“Məktəblilərin qida bələdçiləri” layihəsi çərçivəsində məktəblilərlə görüş keçirilib
Bakı, 17 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində paytaxtın ümumtəhsil müəssisələrində məktəblilərlə görüşlərə başlayıb. Məktəbdaxili qidalanma ilə əlaqədar bütün maraqlı tərəfləri birləşdirən layihə AQTİ ilə yanaşı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində təşkil olunan görüşlərin məqsədi məktəblilər üçün hazırlanmış təbliğat materiallarının ilkin versiyası ilə tanışlıq, şagirdlərin mülahizə, düşüncə və baxışları əsasında tələb və təkliflərin müəyyənləşdirilməsi, aparılan fikir mübadiləsinin nəticəsi olaraq, gələcək nəşrlərdə ümumiləşmiş rəylərin nəzərə alınmasıdır.
Bu istiqamətdə ilk görüş paytaxtın 252 saylı məktəb-liseyində təşkil edilib. Müxtəlif yaş qruplarını təmsil edən məktəblilər UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ilkin versiyada hazırlanmış çap materialları ilə tanış olublar. Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri məktəblilərə nəşr materialları, nəşrin məqsədi və əhatə dairəsi haqqında ətraflı məlumat veriblər. Uşaqlara düzgün qidalanma vərdişlərinin aşılanması və sağlamlığın təşviqini əks etdirən bukletlər qida təhlükəsizliyi, yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər, sağlam qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri mövzularına həsr olunub.
Şagirdlər bukletlərdə əks olunmasını arzu etdikləri məlumatlarla əlaqədar mülahizələrini bildirib, təkliflər irəli sürüblər.
Qeyd edək ki, gələcəkdə məktəblilərə paylanılması üçün hazırlanan bukletlərin onların rəy və təklifləri əsasında yenidən nəşr olunması nəzərdə tutulur. Bu məqsədlə məktəb şagirdlərinin fikir və düşüncələrinə xüsusi əhəmiyyət verən Qida Təhlükəsizliyi İnstitutu görüşlərin paytaxtın digər ümumtəhsil müəssisələrində də davam etdirilməsini nəzərdə tutur. Bukletlərin hazırlanması və məktəblilərin maarifləndirici çap materialları ilə təmin olunması ümumilikdə məktəblərdə göstərilən iaşə xidmətinin günün tələbləri çərçivəsində yenidən qurulması, qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.