İQTİSADİYYAT
“Mən Azərbaycanlıyam” yarışmasının ilk qaliblərinə hədiyyələr təqdim olunmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən iyunun 1-dən internet məkanda “Mən Azərbaycanlıyam” onlayn bilik yarışması təşkil olunmuşdur.
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışmaya oyunun rəsmi saytı (www.azerbaycanliyam.az) və “Facebook”dakı səhifəsi vasitəsilə qoşulmaq mümkündür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyun ayının ilk ongünlüyündə yarışmaya 5 minədək iştirakçı qoşulmuşdur. Yarışın şərtlərinə uyğun olaraq müsbət nəticələr göstərmiş ilk 10 nəfər ongünlüyün qalibi olaraq netbuk tipli kompyuterlər qazanmışdır. İlk yüzlüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara - 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olmuşlar.
RİTN-də keçirilmiş tədbirdə nazir müavini Elmir Vəlizadə qalib iştirakçıları təbrik etmiş, bu yarışmanın gənclərimiz arasında, eləcə də cəmiyyətdə maraqla qarşılandığını bildirmişdir.
Bildirilmişdir ki, superfinalın qalibi əgər informasiya-kommunikasiya texnologiyaları (İKT) ixtisası üzrə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün RİTN-də yaradılmış İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı ödəniləcəkdir.
Sonda ilk ongünlüyün qaliblərinə hədiyyələr təqdim olunmuşdur.
İyunun 12-nə olan məlumata görə, yarışmada iştirak etmək üçün, ümumilikdə, 5 min 068 nəfər qeydiyyatdan keçmişdir.
Yarışma dekabrın 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırılması mərasimi, dekabrın ilk həftəsində isə superfinal keçiriləcəkdir.