REGİONLAR
“Mənim üçün ən pis xatirə gənc ananı qucağında ölən körpəsi ilə dağıntıların altından çıxarmaq idi” - xilasedici VİDEO
Gəncə, 17 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
2020-ci il oktyabrın 17-də Gəncə şəhəri bir daha erməni vəhşiliyinə və terroruna şahid oldu. Gecə saatlarında şəhərin Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində, 6-sı uşaq olmaqla 15 nəfər həlak oldu, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı, həmin küçələrdə yerləşən evlər dağıldı, 100-dən çox evə və ətrafdakı qeyri-yaşayış sahələrinə ziyan dəydi.
AZƏRTAC-ın bölgə müxbiri o günlərə xilasedicilərin gözündən bir daha nəzər salıb, şahid olduqları terrorun dəhşətini onların dilindən dinləyib.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasedicisi Mərdan Şirinov həmin günləri yada salarkən kövrəlir, həyəcanını saxlaya bilmir. O, insanları hissə-hissə tapıb dağıntılar altından çıxarmağı hələ də unuda bilmədiyini deyir: “Mənim üçün ən pis xatirə gənc ananı qucağında ölən körpəsi ilə dağıntıların altından çıxarmaq idi. İnsanların bədən üzvlərini, hissələrini taparaq yerlərini müəyyən etməyə çalışırdıq. Yeri əlimizlə qazırdıq... İstəmirdik ki, hansısa texnika, yaxud alətlə çalışaq, çünki dağıntılar altında ölən insanların cəsədlərinə zərər yetirə bilərdik”.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polislər, hərbçilər, mülki müdafiə qoşunları, təcili tibbi yardım əməkdaşları - fərqi yox idi, sıravi vətəndaş belə öz təhlükəsizliyini düşünmədən dağıntılar altında qalan insanları xilas etməyə çalışırdı.
“Hücumlar adətən gecə olurdu. Bu da axtarış işlərini çətinləşdirirdi. Biz ərazinin işıqlandırılmasından tutmuş kinoloji xidmətin itlərinin cəlb olunmasına qədər axtarış işlərini ən yüksək səviyyədə fasiləsiz şəkildə yerinə yetirirdik ki, birdən sağ qalanar olar, onları xilas edə bilək. Ən əsas da ərazidə əvvəlcədən insanların ola biləcəyi yerləri müəyyən edirdik. Gecə saatları olduğundan hamı yatırdı. Ona görə biz dağıntılar arasında birinci yataq otağının yerini müəyyən etməyə çalışırdıq və ona görə daha tez insanları tapa bilirdik”, - deyə Mülki Müdafiə Qoşunlarının hərbi qulluqçusu Tural İsmayılov o günləri bir daha xatırlayır...
Həmin dəhşəti fotokamerası ilə lentə alan FHN Gəncə Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Elnur İmanov isə erməni terrorunun sərhəd tanımadığını deyir: “İnsanları, xüsusilə körpə və qadınların cansız bədənlərini görmək, onları lentə almaq çox dəhşətlidir. Allah ermənilərə lənət eləsin. Bütün raket hücumlarından sonra baş verən faciələri həmin yerlərdə olub bir-bir lentə almışam. Çox ağır səhnələr idi.”
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.