DÜNYA
Mənzildə yanğın hadisəsi zamanı özümüzü necə aparmalıyıq
Bakı, 5 yanvar (AZƏRTAC). Artıq heç kim üçün sirr deyildir ki, mənzillərdə təhlükəsizlik qaydalarına riayət etmədikdə yanğın hadisələri baş verir. Yanğının səbəbləri nəzarətsiz qalmış uşaqların kibrit və elektrik cihazları ilə oynaması, yataqda siqaret çəkmək, odla ehtiyatsız davranma, elektrik cihazı və lampanın pərdəyə, divar kağızına, taxta əşyalara yaxın yerləşdirilməsi, bir elektrik paylayıcısına eyni vaxtda bir neçə cihazın qoşulması, elektrik xəttində qısa qapanmalar, paltarı təmizləmək üçün benzindən istifadə edilməsi, stolüstü lampanın qəzet və ya parça ilə örtülməsi ola bilər.
Əgər mənzildə yanğın baş veribsə və siz ilk saniyələr alovun öhdəsindən gələ bilmirsinizsə, onun yayılması böyük yanğına səbəb olacaqdır. Belə hallarda biz aşağıdakı kimi hərəkət etməliyik.
Dərhal yanğınsöndurmə xidmətini özümüz və ya qonşu vasitəsilə çağırmalıyıq. Yanğın barədə mərtəbə, qonşularımıza xəbər verməliyik, uşaqları və yaşlı insanları təhlükəsiz yerə aparmalıyıq, yanğınsöndürmə xidməti gələnədək, əlimiz altında olan vasitələrlə qonşuların köməyi ilə yanğını söndürməyə başlamalıyıq. Mənzilin elektrik enerjisini kəsməliyik.
Yadda saxlamaq lazımdır ki, tezalışan mayeni su ilə söndürmənin səmərəsi olmur. Onun üçün ən yaxşı vasitə kimi odsöndürəndən istifadə etməkdir. Bu, olmadıqda yaş parça, qum və ya gül dibçəyinin torpağından da istifadə etmək olar. Qapı və pəncərəni açmayın, şüşələri sındırmayın ki, hava axını içəri daxil olub alovun mənbəyini gücləndirməsin. Qapını açmaq və ya sındırmaq zərurəti yarandığı halda qapıya yanakı duraraq əllərinizlə üzünüzü tutun ki, oradan çıxan alov sizi yandırmasın.
Yanğının mənbəyini söndürmək səylərinizə baxmayaraq bu mümkün olmursa, dərhal mənzili tərk edin və arxanızca qapını kip bağlayın. Sahə boyu alovun yayılmasının qarşısını almaqdan üçün qapını bayır tərəfdən sulayın. Yanğınsöndürmə briqadasının qarşılanmasını təşkil edin və onlara yanğının mənbəyi, yanan mənzildə yaşayan insanların sayı barədə məlumat verin. Mənzildən çıxmaq üçün pilləkənlərdən istifadə mümkün olmadıqda, eyvana çıxın və arxanızca qapını kip bağlayın, çığıraraq və ya istənilən üsulla ətrafdakıların və yanğınsöndürənlərin diqqətini özünüzə cəlb edin. Qonşu eyvana özbaşına keçməyə çalışmayın – bu, çox təhlükəlidir.
Yanğından özünüzü və əmlakınızı qabaqcadan sığortalayın, sənədləri və pulları bir yerdə saxlayın ki, qəfil baş vermiş yanğın hadisəsindən təxliyyə zamanı ailə üzvləriniz onların harada olduğundan məlumatlı olsunlar.