SİYASƏT
MƏRAKEŞ KRALLIĞINDA XOCALI FACİƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Rabat, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində Mərakeş–Azərbaycan Dostluq Cəmiyyətinin və Mərakeş-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvləri, Mərakeş ictimaiyyətinin nümayəndələri, bir sıra səfirlər və yerli KİV nümayəndələrinin, xüsusilə geniş oxucu kütləsinə malik “Əl Ələm” və “L’Opinion” qəzetlərinin müxbirlərinin iştirakı ilə Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə çıxış edən səfir S.Ağabəyov və müşavir T.Nağıyev Xocalı soyqırımı, ermənilərin törətdiyi amansız vəhşiliklər barədə ətraflı məlumat vermiş, 1994-cü ildən bəri ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti, parlamenti və Heydər Əliyev Fondunun erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya xalqlarına və dövlətlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması, Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasına nail olmaq üçün həyata keçirdikləri ardıcıl tədbirlər barədə danışmışlar.
Tədbirdə çıxış edən Mərakeş–Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Ə.Bin Səlyama Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Qərbi Sahara münaqişəsi ilə müqayisə edərək, ölkəsinin Azərbaycanı bu cür həssas məsələdə yaxşı başa düşdüyünü və Mərakeş Krallığının Azərbaycanın bu ağrılı-acılı dərdinə şərik çıxdığını qeyd etmişdir. Ə.Bin Səlyama bu yaxınlarda Dostluq Cəmiyyətinin və Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinə və Qərbi Sahara məsələsinə həsr olunmuş fotosərginin keçiriləcəyi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Baş katib belə tədbirlərin həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynadığını qeyd etmişdir.
Tədbirdə Xocalı faciəsini əks etdirən fotostend və film nümayiş etdirilmişdir. Bundan başqa, tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış kitab və bukletlər paylanmışdır. Səfirlik tərəfindən hazırlanan və Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş mətbuat məlumatı Mərakeş Krallığı Xarici İşlər Nazirliyinə, ölkədə akkreditə olunmuş bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, parlamentə və digər dövlət strukturlarına, eləcə də Mərakeşin kütləvi informasiya vasitələrinə göndərilmişdir.
######