MƏDƏNİYYƏT
Mərhum aktyor Elxan Qurbanovun xatirəsinə həsr olunmuş tədbir həzin notlarla başa çatmışdır
Bakı, 3 iyul (AZƏRTAC). Azərbaycan Teatr Xadimləri İttifaqında tanınmış aktyor Elxan Qurbanovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə xalq artistləri Azərpaşa Nemətov, Ağaxan Salmanov, Yasin Qarayev və başqaları mərhum aktyorun yaradıcılığının bəzi məqamlarından söz açmışlar.
Bildirilmişdir ki, E.Qurbanov 1952-ci ildə Bakıda anadan olmuşdur. 1975-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra təyinatla Lənkəran Dövlət Dram Teatrında 3 il aktyor kimi çalışmışdır.
1978-ci ildən ömrünün axırınadək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmişdir. Ötən müddətdə o, teatr və kino aktyoru kimi yaddaqalan obrazlar yaratmışdır.
Mərhum aktyorun Xalq Artisti Azərpaşa Nemətovun quruluşunda C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” tamaşasında oynadığı yüzbaşı Pirverdi bəy, Xalq Yazıçısı Elçinin “Mahmud və Məryəm”ində Qara Keşiş, Elçinin “Ölüm hökmü”ndə Xıdır müəllim və başqa rolları böyük maraqla qarşılanmışdır.
Tələbə dostları Ağalar İdrisoğlu, Şahmar Qəribli Elxan Qurbanovun insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Tədbirdə Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadənin aktyorun yaradıcılığı ilə bağlı hazırladığı diskdən franqmentlər nümayiş etdirilmişdir. Diskdən təqdim olunan parçalar iştirakçılarda həzinlik və kövrəklik yaratmışdır.
Sonda mərhum aktyorun qardaşı, rəssam Eldar Qurbanov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.