MƏDƏNİYYƏT
Mərhum jurnalist Tahir Abbaslının məqalələrindən ibarət kitab çap olunub
Bakı, 25 iyul, AZƏRTAC
Ustad jurnalist, yazıçı-publisist Tahir Abbaslının məqalələrindən ibarət “Publisistik taktlar” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabda müəllifin 2011-2021-ci illərdə “Mədəniyyət” qəzetində dərc olunmuş Azərbaycan söz-sənət irsi ünvanlı yazılarından 55 nümunə toplanıb. Yazılar beş bölümdə təqdim edilir.
“Musiqidə obrazlaşanlar” bölümündə Azərbaycanın musiqi mədəniyyətinə adları əbədi həkk olunmuş sənətkarlar, “Söz ömrü qazananlar” başlığı altında söz-fikir sarbanları, “Səhnə və ekran fədakarları” bölümündə milli teatr və kino sənətinin görkəmli simaları, “Rənglərin dünyasından” başlığı altında təsviri sənətin görkəmli nümayəndələri barədə yazılar toplanıb.
“Tarixi yaddaş” bölümü isə müəllifin üçrəngli bayrağımıza, qan yaddaşımızın Qara Yanvar, ağrısı dinməyən Xocalı səhifələrinə, bilgi xəzinəsi kitaba və əbədi, ruhumuzun sevinc qaynağı Novruza həsr olunan yazılarından ibarətdir.
Kitab “Mədəniyyət” qəzetinin layihəsi olaraq “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Nəşrin tərtibçisi Fariz Yunisli, redaktoru Vüqar Əliyevdir.