İQTİSADİYYAT
Mərkəzi Bankda maliyyə savadlılığı üzrə DOST Agentliyinin könüllülərinə sertifikatlar verilib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən oktyabrdan başlayaraq maliyyə maarifləndirilməsi çərçivəsində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin könüllüləri üçün geniş təlimlər təşkil edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, maliyyə savadlılığı üzrə təlimlərin ilkin mərhələsində DOST Agentliyinin könüllülərinə 4 sessiyada 8 mövzu tədris olunub. Təlim zamanı iştirakçılara “Mərkəzi Bankın funksiyaları”, “Nağdsız ödənişlərin təşviqi”, “İstehlakçı büdcəsi”, “Şəxsi pul vəsaitlərinin idarə olunması”, “Bank xidmətləri - zaminlik”, “Məsuliyyətli borclanma” və “Pul nişanlarının mühafizə elementləri” mövzularında təqdimatlar olub. Eyni zamanda, iştirakçılara Mərkəzi Bankın elektron resurslarından olan “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), virtual təhsil platforması (edu.e-cbar.az) və maliyyə məhsul və xidmətlərinin axtarış sistemi (infobank.az) barədə geniş məlumat verilib.
Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb və DOST Agentliyinin fərqlənən könüllülərinə sertifikatlar təqdim olunub.
Növbəti mərhələdə DOST Agentliyinin işçiləri üçün də maarifləndirici təlimlərin keçirilməsi planlaşdırılır. Yeni təlimlərə tədiyə balansı, inflyasiya, pul siyasəti, iqtisadi artım, müasir bank məhsulları və sair əlavə mövzular da daxil ediləcək.
Bütövlükdə Mərkəzi Bank tərəfindən müxtəlif hədəf qrupları üzrə maliyyə savadlılığı tədbirləri mütəmadi əsasda davam etdiriləcək.