ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana beynəlxalq kitab mübadiləsi çərçivəsində fəaliyyətini genişləndirir
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına 2017-ci ilin dekabrında beynəlxalq kitab mübadiləsi çərçivəsində 54 nüsxə sənəd (kitab, jurnal və CD) daxil olub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, nəşrlər Rusiyanın “İnform-Sistema” Agentliyi, ABŞ-ın “Science News” jurnalının redaksiyası, Millətləri Araşdırma Assosiasiyası, Böyük Britaniyanın Təbiət Tarixi Muzeyinin Kitabxanası, Edinburq Kral Cəmiyyətinin Kitabxanası, Almaniyanın Bavariya Botanika Cəmiyyəti redaksiyası, Potsdam Universiteti Kitabxanası, Zooloji Dövlət Komissiyası, Senkenberq Nəşrlər Mübadiləsi, Berlin Fraye Universiteti, Fransa Təbiət Tarixi Muzeyinin Kitabxanası, Avstriya Geologiya Assosiasiyası, Yaponiya Geologiya Cəmiyyəti və digər təşkilatlardan göndərilib.
Bu ilin yanvarında isə kitabxanaya Rusiya, Böyük Britaniya, Çexiya, Almaniya, Avstriya, Polşa, Fransa, Yaponiya, Niderland, Səudiyyə Ərəbistanı və digər ölkələrdən kitab, jurnal və xəritələr daxil olub.