ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabrına planlaşdırılır
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA-nın əsas binasında yerləşən köhnə kitabxanadan kitabların köçürülməsi prosesi başa çatdırılıb.
MEK-dən AZƏRTACA-a bildiriblər ki, keçən ilin noyabrından başlanılan köçürülmə işi AMEA rəhbərliyinin, kitabxananın işçi heyətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları Mülki müdafiə idarəsinin və gənc ərəbşünaslar şəbəkəsinin dəstəyi ilə uğurla həyata keçirilib. Yeni binaya köçürülən 1 milyon 571 min kitab artıq qeydiyyata alınıb və MEK-in informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunan və lazımi temperatur-hava rejimini təmin edən kitab saxlanclarında yerləşdirilib.
MEK-in kitab kolleksiyasının bir hissəsini təşkil edən, 17 min kitab ehtiyatına malik Nadir kitablar fondu və 75 min kitabı olan Şərq Ədəbiyyatı fonduna məxsus kitablar inventar nömrələrindən əlavə təhlükəsizlik sisteminə inteqrasiya edilən elektron çiplərlə təmin olunub.
Yaxın müddətdə kitabxananın digər fondları - Qərbi Avropa ədəbiyyatı, Rus ədəbiyyatı, Azərbaycan ədəbiyyatı və Mübadilə fondlarının kitablarına elektron çiplərin vurulması prosesi başa çatdırılacaq.
Qeyd edək ki, kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabr ayına planlaşdırılır.