ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya dilçiliyə dair yeni kitablar daxil olub
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) iyul ayında dilçiliyə dair bir sıra mənbələr əldə edib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, yeni mənbələrin arasında “Dilçilik Tədqiqatları İnstitutunun araşdırmaları”, Y.V.Otkupşikovun “Orta əsrlər ədəbiyyatı. Dilçilik”, “Türk dillərinin müqayisəli tarixi qrammatikası”, “Hind-İran dilçiliyi və dilçilik vəziyyətlərinin tipologiyası”, “Bolşoy Akademiçeskiy slovar Russkoqo yazıka” (A-dan K-yə qədər) və digər nəşrlər yer alır.
Sənədlərdə Başqırd dilinin qrammatikası, qrammatika nəzəriyyəsi, balkanistika, monqol dilləri üzrə araşdırmalar, funksional qrammatika sistemində ad və feil kateqoriyaları, Rusiya Federasiyasında dil fərqliliyi, dil və mədəniyyətdə bitkilərin etnobotanikası, gənc tədqiqatçılar üçün tipologiya və qrammatika üzrə materiallar, dəlillərin fərqləndirilmiş formada qeydi geniş şəkildə təsvir olunub.
Oxucular, eyni zamanda, orta əsrlər ədəbiyyatı, yunan dili, latın dilinin tarixi qrammatikası, Baltikyanı ölkələr və slavyan dilləri, hind-İran müqayisəli tarixi dilçilik və poetikası, hind-Avropa müqayisəli dilçilik və etimologiya, dil vəziyyətlərinin tipologiyası və sosial linqvistikanın ümumi problemləri, türk dillərinin qrammatikası (oğuz, qıpçaq, karluk-uyğur, qırğı, yakut və s. qruplar) və digər mövzularla tanış ola bilərlər.