ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya ötən ay daxil olan sənədlərin sayı açıqlanıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) bu ilin may ayında 259 kitab, 355 jurnal, pulsuz məcburi nüsxə olaraq 180 kitab, 81 jurnal, 93 avtoreferat, 15 dissertasiya, 38 elektron vəsait daxil olub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində kitabxanaya hədiyyə yolu ilə daxil olan kitablar, elmi jurnallar və elektron resurslar haqqında məlumat verilib. Bildirilib ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır. Azərbaycan elminin innovativ inkişafını ölkə hüdudlarından kənarda təbliğ etmək məqsədilə MEK-in beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif elmi təşkilatlarla qarşılıqlı əməkdaşlıq edilir. Milli Rəqəmsal Yaddaş (MRY) bazasında ölkəmizin qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatlar toplanır.
MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd edib. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ şəkildə işıqlandırıldığını vurğulayıb. O, təqdimatlar vasitəsilə ictimaiyyətin, oxucuların diqqətini yeni kitablara cəlb etməyə, fondlardakı ədəbiyyatları tanıtmağa çalışdıqlarını bildirib.