ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanaya xarici ölkələrdən yeni nəşrlər təqdim olunub
Bakı, 27 yanvar, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Türkiyə, Yaponiya, Fransa və Almaniyadan mədəniyyət, qlobal problemlər, riyazi göstəricilər və digər mövzularda nəşrlər təqdim edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, türk, ingilis, alman, fransız, yapon dillərində təqdim olunan nəşrlər sırasında “Riyaziyyat elmləri jurnalı”, qanuna dair vizual, səsli və mətn yazılarını özündə əks etdirən “Rus dünyası barədə qeydlər” dərgisinin 2021-ci il oktyabr-dekabr nömrələri, Senkenberq Araşdırmalar İnstitutundan “Dəniz müxtəlifliyi” jurnalının 2021-ci il üçün iyun, avqust, noyabr nömrələri, “Riyazi göstəricilər” və digər kitablar yer alıb.
Qeyd edək ki, MEK-ə mütəmadi olaraq AMEA-nın institutlarından, yerli təşkilat və qurumlardan, müəlliflər tərəfindən, digər kitabxanalardan, xarici ölkələrdən müxtəlif elm sahələri ilə bağlı nəşrlər daxil edilir.