CƏMİYYƏT
Mərkəzi Gömrük Hospitalında nadir xəstəliklə doğulmuş uşaq üzərində əməliyyat uğurla icra olunub
Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov anadangəlmə kloakal ekstrofiya problemi olan uşaq üzərində əməliyyat icra edib.
Xatırladaq ki, həmin uşaq anadangəlmə bu problemlə doğulmuş və 17 günlük olarkən ona Dr.Vüsal Cəfərov tərəfindən qoruyucu stoma açılmışdı ki, alt hissələr infeksiyalaşmasın.
Müayinələr tamamlandıqdan sonra rekonstruktiv əməliyyat planlaşdırılmışdı. Artıq uşaq dördüncü aydadır və bu günlərdə xəstə üzərində böyük əməliyyat icra olunub. Doqquz saat çəkən əməliyyatın təxminən 3 saatı uşağın sidik kisəsinin boyun hissəsinin bərpasına sərf olunub. Məqsəd uşağın normal uşaqlar kimi sidiyə getməsidir.
Əməliyyat zamanı vagina ayrılıb, mövcud olmayan bağırsaq yenidən bir əzələ kompleksi içərisinə yerləşdirilib və yenidən anus yaradılıb. Göbək ilə qasıq arasında defekt aradan götürülüb, orqanlar qarın boşluğuna yerləşdirilib. Bu ağır əməliyyatdan 7 gün keçməsinə baxmayaraq, xəstənin vəziyyəti yaxşıdır, o, Reanimasiya şöbəsindən palataya keçirilib, tam qidalanır.
Qeyd edək ki, kloakal ekstrofiya - sidik kisəsinin açıq olması və çöldə olmasıdır, uşaq bu şəkildə doğulur və eyni zamanda, bu problemlə yanaşı sidik kanalı, vagina və anus bağırsağın alt hissəsində - üçü 1 kanalın içində yerləşir. Bu problem dünyada yarım milyondan bir uşaqda rast gəlinir.