DÜNYA
Mərkəzi Yaponiyanın dağlıq hissəsində itkin düşmüş alpinistlərin axtarışı davam edir
Tokio, 11 dekabr (AZƏRTAC). Mərkəzi Yaponiyanın dağlıq hissəsində ötən həftənin sonunda itkin düşmüş dörd alpinistin axtarışları davam edir. Həmin alpinistlər iki qrupa daxil idilər.
Ailə üzvlərinin və dostlarının bütün cəhdlərinə baxmayaraq, Qunma prefekturasında və Naqano və Yamanası prefekturalarının kəsişməsindəki Cənub Alp dağlarında 2 və 3 min metr hündürlüyə qalxmağa çalışan alpinistlərlə əlaqə yaratmaq mümkün olmamışdır. Onlardan ən gəncinin 26, ən yaşlısının isə 53 yaşı var.
Şənbə günündən başlayaraq bu ərazidə soyuq hava kütləsinin toplanması nəticəsində güclü külək əsmiş və qar yağmışdır.
Dekabrın 11-də polis Cənub Alp dağlarında huşsuz vəziyyətdə bir kişi tapmışdır. Hazırda onun həmin qrupa daxil olub-olmadığı müəyyənləşdirilir.
Həmin gün Niiqata prefekturasındakı dağlarda itkin düşmüş 50 yaşından 65 yaşınadək daha 3 alpinistin təhlükəsiz vəziyyətdə olduğu müəyyən edilmişdir.
Yaponiya Milli Polis İdarəsindən bildirmişlər ki, son 10 ildə ölkə ərazisində dağlara qalxan alpinistlər arasında yaşlıların itkin düşməsi halları çoxalmışdır. Yalnız ötən il belə hadisələr zamanı 2200 nəfər zərər çəkmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio