Meşələrimiz – milli sərvətimizdir
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Beynəlxalq Mətbuat Mərkəzində “Aydınlığa doğru” İctimai Birliyinin “Meşələrimiz - milli sərvətimizdir” layihəsinin təqdimatı olub.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, təqdimat mərasimində çıxış edən “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli layihənin meşə sahələrinin və yaşıllıq zonalarının yaradılması sahəsində ölkəmizdə görülən işlərə dəstək olmaq məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, layihədə hər yaşdan və hər təbəqədən olan vətəndaşlar iştirak edə bilərlər.
Sonra layihəni təqdim edən təhsil islahatları üzrə təlimçi Namiq Aslanov indiki Azərbaycan Respublikasının ərazisinin eramızın V əsrində 78 faiz, XVIII-XIX əsrlərdə 35 faiz meşə ilə örtülü olduğunu, hazırda isə ölkəmizdə meşələrin ümumi sahəsinin 11,8 faiz təşkil etdiyini bildirib. O deyib ki, layihənin icrası Cəlilabad rayonundan başlayacaq və daha sonra digər bölgələrdə davam etdiriləcəkdir.
Təqdimatdan sonra söz alan qonaqlar layihə barədə öz rəy və təkliflərini bildiriblər, ağacların planetimizin oksigenlə zənginləşməsində rolundan danışıblar.
Tədbir iştirakçıları “Pətək” İctimai Birliyində tərbiyə alan uşaqların qurumuş yarpaqlardan hazırladıqları “Payız” ekspozisiyasını və “Aydınlığa doğru” İctimai Birliyinin təqdim etdiyi maarifləndirici videoçarxı böyük maraqla izləyiblər.
Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bölgələrdəki meşə təsərrüfatı idarələrinin, ictimai birliklərin nümayəndələri iştirak ediblər.