SİYASƏT
“MƏŞĞULLUQ STRATEGİYASI” DÖVLƏT PROQRAMI ÜZRƏ LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR
Bakı, 2 dekabr (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkədə “Məşğulluq strategiyası” Dövlət Proqramının reallaşdırılması istiqamətində layihələr həyata keçirir.
Bununla əlaqədar Uşaq və Ailələrə Dəstək mərkəzləri yerləşdikləri ərazilərdə xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən sağlamlıq imkanları məhdud olan uşaqları müəyyənləşdirir və onların problemlərinin həlli üçün lazımi tədbirlər görür, uşaqların əqli və fiziki imkanlarına uyğun ixtisasa yiyələnmələrinə səy göstərir.
Ramanadakı Gənc Əlillərin Əmək və İstirahət Evində peşəyönümlü kurslarının yaradılması bu sahədə atılmış mühüm addımlardan biridir. Bakı şəhərindən, həm də respublikanın rayonlarından xüsusi qayğıya ehtiyacı olan 40 nəfər uşaq və yeniyetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq və Bakı Şəhər Baş Məşğulluq İdarələri tərəfindən üç aylıq kompyuter, tikiş, xalçaçılıq və bərbərlik üzrə peşə təlimi kurslarına cəlb olunmuşlar.
Gənc Əlillərin Əmək və İstirahət Evinin direktoru Rəhilə Həsrətovanın verdiyi məlumata görə, 12 nəfər uşaq və yeniyetmə dərzilik peşəsinə yiyələnmişdir.
Bərbər peşə təlimi üzrə üç aylıq kursa cəlb edilmiş 9 nəfər əlil uşağa həmin kursu bitirmələri haqqında şəhadətnamələr təqdim olunmuşdur. Bundan əlavə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc bərbərlərin hər birinə içində bərbər feni olan mücrü, Anqlo-Azərbaycan təşkilatı bərbər ləvazimatı dəsti, Sabunçu Rayon İcra Hakimiyyəti isə müxtəlif hədiyyələr vermişlər.
Beynəlxalq Əlillər günü münasibətilə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Spartak” İdman Cəmiyyəti tərəfindən əlillər arasında stolüstü idman yarışları keçirilmiş, 24 nəfər mükafatlandırılmışdır.