CƏMİYYƏT
Məşğulluq və əmək bazarının inkişafı sahəsində Avropa İttifaqı ilə gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının Bakı ofisinin nümayəndələri ilə görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ötən dövrdə Avropa İttifaqı ilə birgə icra olunan layihələr ölkəmizin sosial müdafiə sistemində aparılan islahatlardan danışıb. Ötən illərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən tvinninq layihələri aktuar hesablamaların aparılması, proqnozlaşdırma və monitorinq, sosial büdcənin tərtib edilməsi və s. sahələrdə ƏƏSMN-nin potensial imkanlarının artırılmasına, habelə əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsinə öz töhfəsini verir.
M.Kərimli Avropa İttifaqı ilə əməkdaşlıq təcrübəsinin məşğulluq və əmək bazarının inkişafı sahəsində də davam etdirilməsinin önəmli ola biləcəyini vurğulayıb. O bildirib ki, məşğulluqla bağlı qanunvericiliyin, habelə dövlət məşğulluq xidmətinin institusional strukturunun və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması prioritet məsələlərdəndir. Həmçinin işaxtaranların və vakansiyaların qeydiyyatı, statistik hesabatların formalaşdırılması üzrə avtomatlaşdırılmış vahid informasiya sisteminin yaradılması, beynəlxalq təcrübə əsasında əmək bazarının proqnozlaşdırılması üzrə metodologiyanın hazırlanması və s. qarşıda duran vəzifələrdəndir. Avropa İttifaqı ilə qeyd olunan sahələrdə əməkdaşlıq müsbət nəticələr verə bilər.
Avropa İttifaqının Bakı ofisinin əməliyyatlar şöbəsinin müdiri Yeron Vilyams əvvəllərdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə digər sahələrdə davam etdirilməsi təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib. Y.Vilyams Avropa İttifaqının sözügedən prioritetlər üzrə texniki və institusional dəstəyi verməyə hazır olduğunu qeyd edib, bu məsələlərin həlli ilə bağlı Avropa İttifaqının mövcud imkanları barədə məlumat verib.
Görüşdə məşğulluq və əmək bazarının inkişafı sahəsində gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.