MƏDƏNİYYƏT
Məşhur Hollivud ulduzu Aziya Arcanti də “Bakı, mən səni sevirəm!” deyəcəkdir
Bakı, 30 iyun (AZƏRTAC). Məşhur Hollivud ulduzu Aziya Arcanti “Bakı, mən səni sevirəm!” kinolayihəsinin çəkilişlərində iştirak məqsədi ilə iyunun 29-da Azərbaycan paytaxtına gəlmişdir.
Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayeva AZƏRTAC-a bildirmişdir ki, artıq Rusiya, Belarus, Litva, Portuqaliya, Böyük Britaniya kimi ölkələrin aktyorları, aktrisaları və rejissorları çəkilişlərdə iştirak etmişlər.
Yaxın günlərdə kinolayihənin çəkilişlərində iştirak etmək üçün İtaliyadan və qardaş Türkiyədən də ulduzların Bakıya gəlişi gözlənilir.
“Bakı, mən səni sevirəm” kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski və Nadir Maçanovdur.
Kinolayihə 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Artıq “Bakı, mən səni sevirəm” kinolayihəsinin 8 filminin çəkilişləri yekunlaşmışdır.