REGİONLAR
Məşqçi kimi məşhurlaşan 60 yaşlı balakənli müəllimə VİDEO
Balakən, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Altmış yaşı yenicə tamam olan Pakizə müəllimə 40 ildir ki, şagirdlərinin sağlam ruhda böyümələri, bədən tərbiyəsi və idmanı dərindən sevmələri üçün çalışır. 1977-ci ildə Balakən rayonunun Kortala kəndində idman müəllimi kimi fəaliyyətə başlayan Pakizə Mikayılova peşəsinə ürəkdən bağlanıb.
AZƏRTAC-ın bölgə müxbiri Kortala kəndində Pakizə müəllimə ilə görüşüb.
Müsahibimiz deyib ki, hələ məktəbdə oxuyarkən idman dərslərinə böyük maraq göstərib, basketbolu daha çox sevib. Rayonun qızlardan ibarət basketbol komandasının tərkibində rayonlararası yarışlarda iştirak edib. Onun basketbola olan marağı müəllimlik fəaliyyəti dövründə də bir an belə azalmayıb, şagirdlərinə idmanın bu növünün incəliklərini dərindən öyrətməyə çalışıb. Özünün də qeyd etdiyi kimi, dərs prosesində bəzən emosiyalarını saxlaya bilməyib, şagirdlərə qoşularaq onlarla birlikdə basketbol oynayıb.
Ötən ilin dekabrında AFFA-nın təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində keçirilən futzal turnirində özünü məşqçi kimi də sınayan Pakizə müəllimə yarış barədə təəssüratlarını bölüşüb: “Turnirin başlamasına çox az vaxt qalmışdı. Şagirdlərimin futzal oyunu barədə məlumatları az idi. Dedim ki, əsas diqqəti müdafiəyə yönəltmək, imkan düşən kimi hücuma keçmək lazımdır. Pis oynamadıq, bir neçə komandanı məğlub etdik. Turnirin yekununda hətta “Ən yaxşı məşqçi” nominasiyası üzrə mükafata da layiq görüldüm. Bu, mənim üçün böyük uğur idi”.
Həmin turnirdə komandasını qələbəyə ruhlandıran Pakizə müəllimənin məşqçi kimi debütü uğurlu alınıb, onun emosionallığı tamaşaçıların diqqətini çəkib.
Müəllimlik sənətini çox sevdiyini vurğulayan Pakizə Mikayılova deyib: “Mənim üçün ən gözəl peşə müəllimlikdir. Çünki doğma peşəmdir. Mən bu peşəyə ürəkdən bağlanmışam və indi də sevərək işləyirəm. Şagirdlərimin bir çoxu idman sahəsində uğur qazanıb, aralarında idman müəllimi sənətini seçənlər də var. Allah qoysa, bundan sonra da müəllimlik fəaliyyətimi davam etdirəcəyəm”.
Pakizə müəllimə bildirib ki, futzal turnirindən sonra şagirdlərinin futbola marağı daha da artıb. Havalar istiləşəndə dərsdən sonra məktəbin futbol meydançasında uşaqlarla məşqləri davam etdirməyi, növbəti yarışlara daha hazırlıqlı komanda çıxarmağı düşünür.
Beş övladı, doqquz nəvəsi olan Pakizə müəllimə deyir ki, nəvələrindən biri futbola maraq göstərir və AFFA tərəfindən təşkil edilən yarışlarda iştirak edir.