CƏMİYYƏT
Mətbuat Şurası mitinqdə monitorinq aparıb
Bakı, 30 may, AZƏRTAC
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun mayın 30-da Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda keçirdiyi mitinqdə peşə vəzifəsini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb.
Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvlərinə kütləvi informasiya vasitələrinin təmsilçilərindən müraciət də daxil olmayıb.
Bu barədə AZƏRTAC-a Mətbuat Şurasından bildiriblər.
Monitorinq qrupunun üzvləri müəyyənləşdiriblər ki, KİV-lərin mitinqi işıqlandıran əməkdaşları əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Lakin aksiyaya gələn jurnalistlərdən bu tələbə əməl etməyənlərə də rast gəlinib. Bununla bağlı müvafiq tövsiyələr verilib.
Monitorinq qrupu, həmçinin jurnalistlərə peşə vəzifələrini yerinə yetirmək üçün yaradılan şəraiti nəzərdən keçiriblər. Bununla bağlı da hər hansı problem qeydə alınmayıb.