MƏTBUAT ÜÇÜN MƏLUMAT
Azərbaycan və Türkiyə tarixən dərin dostluq əlaqələri və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğu iki qardaş ölkədir.
Tarixdə nadir hallarda görünən buna oxşar yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoş və dar günlərdə davam edən daimi xarakter daşıyır.
Türkiyə və Azərbaycan əlaqələri regionun inkişafı və əməkdaşlığa nail olunması baxımından böyük məna və əhəmiyyət daşıyır.
Türkiyə və Azərbaycan regional və qlobal sülh və sabitliyə əhəmiyyətli töhfə verməkdədir. İki ölkə regional sülh və sabitliyi möhkəmləndirmək məqsədilə çoxşaxəli və uzunmüddətli strateji əməkdaşlığı inkişaf etdirmək qətiyyətlərini ifadə edirlər. Bu əməkdaşlıq bir tərəfdən, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, digər tərəfdən, regionun sabitliyi, təhlükəsizliyi və rifahına töhfə vermək imkanlarının inkişafı üçün təməl təşkil edəcəkdir.
Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar edilməsinə əngəl törədən əsas amillərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında təxirəsalınmadan tənzimlənməsi zəruridir.
Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalının davam etməsi qəbuledilməzdir. Azərbaycan və Türkiyənin regionla bağlı birgə yanaşması çərçivəsində Cənubi Qafqazda bütün regionu əhatə edən etimad, hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əlaqələrin qurulması və beləliklə, regionda sülhün, sabitliyin və rifahın təmin edilməsi Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan Respublikası əraziləri işğaldan azad edilmədən və yurd-yuvalarından qovulmuş insanlar həmin ərazilərə geriyə qayıtmadan mümkün olmayacaqdır. Bütün regiona təsir edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Azərbaycan və Türkiyə məsləhətləşmələr apararaq fəaliyyət göstərməkdə səylərini artıracaqlar və bu münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində siyasi yolla nizamlanması üçün səy göstərməyə davam edəcəklər.
Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığı regional sülh və sabitliyin bərqərar edilməsi, region xalqlarının rifahı üçün ikitərəfli və çoxtərəfli səviyyədə iqtisadi əməkdaşlığa töhfə verəcəkdir. Şərq-Qərb Enerji Dəhlizinin strateji önəmi və bu dəhlizin region ölkələrinin davamlı iqtisadi inkişafına töhfəsi baxımından, Azərbaycan ilə Türkiyənin Avropa enerji təhlükəsizliyinin təmin edilməsində və Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa enerji tələbatının ödənilməsində rolu artmaqdadır.