İQTİSADİYYAT
Metronun “20 Yanvar” stansiyası dairəsi yaxınlığında tunelin üstündə aparılan işlər yaxın günlərdə başa çatdırılacaqdır
Bakı, 13 mart (AZƏRTAC). Şimal istiqamətində Bakıya giriş yolunda metronun “20 Yanvar” stansiyası dairəsi yaxınlığında tunelin üstündə aparılan işlər yaxın günlərdə başa çatdırılacaqdır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, genişləndirmə işləri Bakı Beynəlxalq Avtovağzalı istiqamətində ümumi uzunluğu 134 metr məsafədə, tunelin üst hissəsində aparılır. Ərazidə işlərə ötən ilin noyabrında başlanılmış və mövcud yolun 3-4 metr genişlənməsi məqsədi ilə həyata keçirilir. Əvvəllər burada göz oxşayan yaşıllıq salınsa da, piyadaların təyin olunmuş yerdən keçməməsi, eləcə də bəzi sürücülərin hərəkət intensivliyi çox olan vaxtlarda avtomobillərini yaşıllığın yolqırağı hissəsi ilə sürmələri səbəbindən ərazi yararsız hala düşmüşdür. Hətta bütün bunları nəzərə alaraq, yolqırağı bardürlər daha hündürləri ilə dəyişdirilsə də, yenə də bəzi yük maşınları onları da dağıdaraq yaşıllığın içi ilə hərəkət edirdilər. Nəticədə isə həm yaşıllıq, həm də suvarma sistemi sıradan çıxırdı. Bu cür hallar bir neçə dəfə təkrarlandığı üçün, burada yaşıllığın əvəzinə asfalt çəkilməsi qərara alınmışdır.
Həmçinin burada nəqliyyatın hərəkəti intensiv olduğu üçün bir müddət öncə əlavə bir hərəkət zolağı salınmış, avtomobillərin dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə 4 zolaq ayrılmışdır.
Əgər hava yaxşı keçərsə, ərazidə aparılan işlər yaxın günlərdə başa çatdırılacaqdır.