İQTİSADİYYAT
Metronun “28 May” stansiyasında yenidənqurma işləri davam edir
Bakı, 31 mart (AZƏRTAC). Metronun “28 May” stansiyasında “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparılan bərpa və yenidənqurma işləri davam etdirilir.
Bakı Metropolitenindən AZƏRTAC-a bildirilmişdir ki, işlər müəyyən edilmiş cədvələ uyğun aparılır və onların yerinə yetirilməsi zamanı əsas diqqət sərnişinlərin təhlükəsizliyinə yönəldilmişdir. Hazırda başlıca işlər stansiyanın əsas giriş vestibülündə aparılır. Burada söküntü prosesi yekunlaşmaq üzrədir. Stansiya üzərindəki günbəzşəkilli hissənin söküntüsü davam edir və hazırda fəaliyyətdə olan stansiyanın əsas çıxışı tezliklə söküləcəkdir.
Bakı Metropoliteninin rəis müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəhbəri Arif Rəsulov bildirmişdir ki, aprel-may aylarında bu hissədə də əsas işlərə başlanılacaqdır. Gələcəkdə xətlərin biri-birindən ayrılacağını nəzərə alaraq metropoliten rəhbərliyi yenidənqurmadan sonra stansiyanın giriş-çıxışından və keçid imkanlarından sərnişinlərin rahat istifadə etməsi üçün bir sıra yeniliklər tətbiq edəcəkdir.
Yenidənqurmanın tikinti mərhələsinin ilk prosesinə - fasadın qarşısında sütunların bünövrəsinin qoyulmasına başlanılmışdır. Yenidənqurmadan sonra stansiyanın təkcə görkəmi deyil, həmçinin burada bir çox avadanlıqda və onların iş qabiliyyətində dəyişikliklər ediləcəkdir. Əsas dəyişikliklər havalandırma sistemlərində olacaqdır.