DÜNYA
“Metyu” qasırğası: ABŞ-ın daha bir ştatında fövqəladə vəziyyət elan olunub
Bakı, 7 oktyabr, AZƏRTAC
“Metyu” qasırğasının ABŞ-ın şərq sahillərinə yaxınlaşması ilə əlaqədar Prezident Barak Obama Corciya ştatında fövqəladə vəziyyət rejimi tətbiq edib. Bundan əvvəl Florida və Cənubi Karolina ştatlarında da fövqəladə vəziyyət elan olunub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Qasırğaların Proqnozlaşdırılması Milli Mərkəzinin məlumatına görə, son 118 ildə Floridada bu şiddətdə qasırğa qeydə alınmayıb. Belə ki, “Metyu” qasırğasının sürəti saatda 215 kilometrə çatır.
Florida və Cənubi Karolina ştatlarının hakimiyyət orqanları 2 milyon sakini təhlükəli zonanı tərk etməyə çağırıb. Əhali kütləvi şəkildə sahil rayonlarından qərbə doğru getməyə başlayıb. Artıq oradakı otellərdə yer çatışmır.
“Metyu” qasırğası keçdiyi ölkələrdə ciddi dağıntılar törədib. Haiti hakimiyyət orqanlarının verdiyi son məlumata görə, bu ölkədə təbii fəlakət qurbanlarının sayı 340 nəfərə çatıb. Dağıntılar təmizləndikcə yeni cəsədlər üzə çıxır.
Meteoroloqların məlumatına əsasən, “Metyu” Karib dənizində 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğadır.