ELM VƏ TƏHSİL
Məzun Forumu çərçivəsində “Qloballaşan dünyada universitetlərin rolu: yeni çağırışlar və gözləntilər” mövzusunda iclas keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu çərçivəsində “Qloballaşan dünyada universitetlərin rolu: yeni çağırışlar və gözləntilər” mövzusunda iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Tarix fakültəsinin 1977-ci il məzunu Hicran Hüseynova, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, BP-nin Azərbaycan-Gürcüstan–Türkiyə üzrə vitse-prezidenti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 1999-cu il məzunu Bəxtiyar Aslanbəyli, TTK Molekulyar biologiya laboratoriyası, (Kembric, Böyük Britaniya) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 1985-ci il məzunu Qərib Mürşüdov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 2002-ci il məzunu Leyla Abdullayeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 1999-cu il məzunu Arye Qut və digərləri çıxışlarında qloballaşan dünyada universitetlərin yeri və roluna diqqət çəkib, həyatın müxtəlif sahələri kimi təhsil mühitinin də çağırışlarla üzləşdiyini qeyd edərək gələcək inkişafa hesablanmış addımların atılmasının zəruriliyini qeyd ediblər. Universitetin keçdiyi ötən 100 il ərzində Azərbaycanın intellektual potensialının formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını vurğulayıblar. Universitetin gələcək inkişafı istiqamətində fikir və təkliflərini səsləndiriblər.