MƏDƏNİYYƏT
M.F.Axundzadənin “Mürafiə vəkilləri” komediyası əsasında çəkiliş eyniadlı televiziya tamaşasının təqdimatı olmuşdur
Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) M.F.Axundzadənin “Mürafiə vəkilləri” komediyası əsasında çəkilmiş eyniadlı televiziya tamaşasının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2012-ci ildə görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı çərçivəsində ekranlaşdırılan teletamaşanın çəkilişləri AzTV-nin “Qarabağ” studiyasında aparılmışdır.
Tədbirdə çıxış edən teletamaşanın ssenari müəllifləri İlham Rəhimli və Ramiz Həsənoğlu bu ekran əsərinin məziyyətlərindən danışmışlar. Bildirmişlər ki, Azərbaycan Televiziyası böyük ədib M.F.Axundzadənin 200 illik yubileyi ərəfəsində silsilə verilişlər çəkərək tamaşaçılara təqdim etmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edilmişdir ki, meydan prinsipi üzrə qurulan ikihissəli tamaşanın dekorasiyasında Təbrizin XIX əsrin ortalarına xas panoramı əks olunmuşdur. “Mürafiə vəkilləri”nin quruluşçu rejissoru, Xalq Artisti Ramiz Həsənoğlu, bəstəkarı isə Ramiz Mirişlidir. Mahnıların mətini Xalq Şairi Fikrət Qocanındır. Quruluşçu operator Eldar Məmmədov, dekorasiya üzrə quruluşçu rəssam Rəfael Əsədov, geyim və rekvizit üzrə quruluşçu rəssam Rəfael Əlizadə, səs rejissoru Vaqif İmanquliyev və Rəşad Mustafayevdir.
“Mürafiə vəkilləri” əsərindəki Səkinə xanım obrazını gənc aktrisa Dəniz Tacəddin canlandırır. Digər əsas rollarda Ramiz Əzizbəyli (Ağamərdan), Səyyar Rüstəmov (Əzizbəy), Dilarə Əliyeva (Zeynəb), Mətanət Ağakişiyeva (Zibeydə) və digərləri iştirak edirlər.
Tədbirin iştirakçılarına təqdim olunan teletamaşa böyük maraqla qarşılanmışdır.
Teletamaşanın nümayişindən sonra çıxış edənlər AzTV-nin bu istiqamətdə işlərini yüksək qiymətləndirmişlər. Yeni teletamaşa böyük ədib M.F.Axundzadənin yaradıcılığına verilən ən böyük qiymət kimi səciyyələndirilmişdir.
Mərasimin iştirakçılarına minnətdarlığını bildirən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Arif Alışanov bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini söyləmişdir.