DÜNYA
“Microsoft” şifrsiz audentifikasiya üsulu təqdim edib
Bakı, 21 aprel, AZƏRTAC
“Microsoft Authenticator” mobil tətbiqi proqram nəhənginin istənilən xidmətinə şifrsiz daxil olmağa imkan verir. Belə ki, “Microsoft” şirkətinin bu proqramında tənzimləmələr bölməsindən telefon vasitəsilə audentifikasiya funksiyasını aktivləşdirmək olar. Növbəti dəfə kompüterdən “Microsoft”un hesabına giriş zamanı yalnız istifadəçi adını daxil etmək lazımdır və bundan sonra fərdi kompüterdə girişin təsdiqlənməsi üçün telefona xəbərdarlıq göndəriləcək.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, təsdiqetmə düyməsinə sıxdıqdan sonra hesaba giriş həyata keçiriləcək. Xəbərdarlıq hesabı qanunsuz giriş cəhdlərindən qoruyur. “Microsoft Authenticator” mobil tətbiqi, həmçinin giriş üçün ehtiyat variant kimi unikal kod yarada bilər.
Əlbəttə ki, ənənəvi giriş sisteminə geri qayıtmaq və audentifikasiya vaxtı yenidən parol daxil etmək olar.