DÜNYA
Mikrodalğalı soba yeməyin kalorisini hesablayacaq
Bakı, 9 iyul (AZƏRTAC). Ceneral Electric şirkətinin tədqiqatçıları isidilən yeməkdə kalorilərin miqdarını müəyyən edən mikrodalğalı sobanın prototipini yaratmışlar. Bunun üçün alçaq enerjili mikrodalğalardan istifadə olunur. Doğrudur, yeməyin kalorisini ölçmək üçün hələlik onu blenderdən keçirib vahid kütlə halına salmaq lazımdır.
Sözügedən metodun mahiyyəti bundan ibarətdir: məhsulun ümumi çəkisi, habelə tərkibindəki suyun və yağların miqdarı məlumdursa, onun kalorisini dəqiq müəyyən etmək mümkündür. Adətən kalori şəkər, sellüloz və protein üçün hesablanır. Məhsulun ümumi çəkisindən su və yağları çıxmaqla, yeməyin tərkibində həmin məhsullar barədə təsəvvür əldə etmək olar. Xoşbəxtlikdən, bu mühüm göstəricilərin üçü də mikrodalğaların köməyi ilə çox sadə hesablanır.
Yağ, şəkər və su qatışıqları üzərində aparılan testlər göstərmişdir ki, əldə olunan nəticələr kalorinin müəyyən olunması üzrə ənənəvi texnologiyaların nəticələrindən cəmi 5-10 faiz fərqlənir.
Hazırda alimlər “virtual blenderin” köməyi ilə mikrodalğalı sobalara bərk məhsulların kalorilərini hesablamağı “öyrətmək” niyyətindədirlər. Bunun üçün onlar yeməyi mürəkkəb mikrodalğalı sahələrlə skanlamaq və boşqabda orta göstəriciləri müəyyən alqoritmlərlə müəyyən etməyi düşünürlər.