ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyində görkəmli aktyor Mirzağa Əliyevin fotoneqativi qorunur
Bakı, 15 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda teatr və kino aktyoru, SSRİ Xalq artisti Mirzağa Əliyevin fotoneqativi qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, fotoneqativdə Mirzağa Əliyev 1952-ci ildə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində Nikolay Qoqolun “Müfəttiş” tamaşasında oynadığı Osip rolunda əks olunub.
M.Əliyev 1883-cü ildə Bakının Hövsan kəndində anadan olub. İlk təhsilini mədrəsədə və rus-tatar məktəbində alıb. Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində usta köməkçisi olan Mirzağa Əliyev ilk dəfə 1901-ci ildə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda səhnəyə çıxıb. Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstəriblər. 1906-1907-ci illərdə “Həmiyyət” teatr truppasının rəhbəri və aktyoru olub. 1912-ci ildə ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilib. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir. Azərbaycan sovetləşəndən sonra M.Əliyev Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçısı olub. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Aktyor yumoru, satiranı, “öldürücü” gülüşü obrazın xarakterində cəmləşdirirdi. M.Əliyev 1954-cü ildə vəfat edib. Məzarı Bakıda Fəxri xiyabandadır.
Görkəmli aktyorun muzeydə qorunan fotoneqativi teatr tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.