MİLLİ BANK ƏHALİNİ EHTİYATLI OLMAĞA ÇAĞIRIR
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, ölkəmizin ərazisində əmanət cəlb etmək və kredit verməklə bağlı fəaliyyət göstərmək yalnız Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında həyata keçirilə bilər. Bununla əlaqədar bildiririk ki, bir qrup şəxsin təşkil etdiyi “Bonus-Life” adlı qurum Milli Bankın lisenziyasına malik deyildir. Hazırda “Bonus-Life” firmasının bu sahədəki fəaliyyəti müvafiq dövlət orqanları ilə birlikdə araşdırılır.
Milli Bank vətəndaşları qanuni lisenziyası olmayan şirkətlərin əlverişli şərtlərlə əmanət cəlb etmək və kredit vermək vədlərinə diqqətlə yanaşmağa çağırır, ayrı-ayrı şəxslərlə əmanət və kredit münasibətlərinə girərkən son dərəcə ehtiyatlı olmağı, bu zaman həmin şirkətlərin fəaliyyətinin hüquqi cəhətdən əsası olub-olmadığını yoxlamağı tövsiyə edir.