İQTİSADİYYAT
Milli Depozit Mərkəzində səhmdarların ilin birinci yarısının nəticələrinə həsr edilmiş ümumi yığıncağı keçirilmişdir
Bakı, 11 avqust (AZƏRTAC). Milli Depozit Mərkəzində (MDM) səhmdarların ilin birinci yarısının nəticələrinin müzakirəsinə həsr edilmiş növbədənkənar ümumi yığıncağı keçirilmişdir.
MDM-dən AZƏRTAC-a bildirmişlər ki, iclasda qurumun əməliyyat və maliyyə nəticələri nəzərdən keçirilmiş, altı ayda başa çatmış layihələr qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, bu müddətdə təşkilatda korporativ quruculuq sahəsində mühüm addımlar atılmış, Müşahidə Şurasının, İdarə Heyətinin və Daxili Audit xidmətlərinin tərkibi tam formalaşmışdır. MDM-də insan resurslarının inkişaf etdirilməsi, sənəd dövriyyəsinin sadələşdirilməsi və uçotu üzrə yeni prinsiplər tətbiq olunmuş, inzibati sahə və maliyyə təsərrüfatında beynəlxalq standartlara uyğunlaşdırma istiqamətində bir sıra tədbirlər görülmüşdür.
Əməliyyat sahəsində də irəliləyişlər olmuş, depozitar və reyestr saxlayıcı fəaliyyəti üzrə əməliyyatların avtomatlaşdırılması prosesi intensivləşdirilmiş və gələcəkdə tətbiq edilə biləcək yeni elektron xidmət sahələrinin bünövrəsi qoyulmuşdur. Bakı Fond Birjası ilə MDM arasında fasiləsiz əqdlərin bağlanmasını təmin edən elektron link istismara verilmiş və uçot sisteminə qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına və iri investorlara məsafədən elektron interfeys vasitəsilə giriş imkanları yaradılmışdır. Bu yeniliklərlə yanaşı, uçot sistemində hesabatlılıq prinsipləri təkmilləşdirilmiş, MDM-in informasiya texnologiyaları üzrə mütəxəssisləri tərəfindən proqram təminatında bazarın peşəkar iştirakçıları üçün yeni interfeyslər işlənilmişdir.
MDM fond bazarının yeni arxitekturasının işlənilməsi layihələrində də yaxından iştirak edir və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən hazırlanmış “Qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramı”na və “Qiymətli kağızlar haqqında” yeni qanun layihəsinə müvafiq olaraq bazarda mərkəzi post treyd təşkilatı kimi özünün yeni inkişaf istiqamətlərini müəyyən etmişdir. Vurğulanmışdır ki, hesabat dövrünün nailiyyətlərindən biri də saxlanmaya cəlb edilən aktivlərin məbləğinin artaraq 4,4 milyard manata çatdırılmasıdır. Həmçinin 19 yeni emitentlə müqavilə bağlanmış, 393 milyon manat məbləğində 132 yeni emissiya qeydiyyata alınmışdır.
QKDK-nın sədri Rüfət Aslanlı çıxışında birinci yarımilliyin nəticələrinin məqbul olduğunu demiş və MDM-in elektronlaşma istiqamətini prioritet elan edərək, xidmətlərin operativliyinin artırılması və sadələşdirilməsi üzrə işin sürətləndirilməsi, maliyyə davamlılığını nəzərdə saxlamaqla təşkilatın institutlaşması istiqamətində insan resurslarına və müasir aparat həllərə diqqətin gücləndirilməsi kimi gələcək fəaliyyət üzrə tapşırıq və tövsiyələrini vermişdir.